Millət vəkili Qənirə Paşayeva Eskişehirde Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı konfransda çıxış edib.
Lent.az-ın məlumatına görə, Eskişeher Azərbaycanlılar Dərnəyinin Xocalı Soyqırımının 24-cü ildönümünə həsr etdiyi tədbirdə ilk öncə soyqırıma həsr olunmuş film nümayiş etdirilib.
Millət vəkili çıxış edərək Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasının bütün Türk dünyasının ortaq problemi olduğunu vurğulayıb: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara dünyanın gözü bağlıdır. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. Avropa Şurası, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları var. Lakin bu qərarların heç biri tətbiq edilmir. Həmin təşkilatlar qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana qarşı heç bir siyasi təzyiq göstərmir. Biz bunun səbəblərini bilirik”.
Q. Paşayeva torpaqlarından ayrı düşən 1 milyon azərbaycanlının probleminə də toxunub: “Bəs haradadır o beynəlxalq təşkilatlar, insan haqları ilə məşğul olan qurumların Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı açıqlamaları? Niyə Ermənistanın bu insanların öz evlərinə dönməsinə imkan vermədiyinə etiraz edən açıqlanalarını eşitmirik? Niyə işğalçıya qarşı etiraz səslərini ucaltmırlar? Niyə 1 milyon azərbaycanlının pozulan haqlarına bu qədər biganə yanaşırlar?".
Millət vəkili qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə Azərbaycanın daim Türkiyənin yanında olduğunu bildirib: “Qondarma erməni soyqırımı”na qarşı mübarizə hər bir türk insanının vəzifəsidir”.
O, getdikcə daha da gərginləşən bölgəmiz üzərində oynanan böyük oyunlar barədə də gəncləri diqqətli olmağa çağırıb.
Tədbirin sonunda millət vəkili təbir iştirakçılarına yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib.