Dünən Ümid Partiyasının sədr müavini Həcər Abbaslı vəzifəsindən və partiyadan istefa verməsi ilə bağlı xəbər yaydı.
Ümid Partiyasının Mətbuat və İnformasiya üzrə sədr müavini Elman Abbasov isə bu xəbərin doğru olmadığını bildirir:
"Həcər Abbaslı daxili nizam-intizama əməl etmədiyi üçün 30 aprel tarixində Ümid Partiyasının sədri İqbal Ağazadənin qərarı ilə müavinlik postundan azad edilib. Verilmiş qərar mənim humanistliyim ucbatından mətbuatda yayılmayıb. Gənc, aktiv xanım olduğu üçün gələcək fəaliyyəti nəzərə alınıb. Onun həqiqətə uyğun olmayan açıqlamasından və atdığı addımlardan sonra qəbul edirəm ki, məsuliyyətsizlik etmişəm. Müavinlik postundan azad edilən şəxs necə istefa verə bilər?"
Həcər xanımın partiya sədrinin deputatlığa gizli namizədliyini irəli sürməsi barəsindəki aşıqlamalarına isə sədr müavini belə cavab verir: "Ona bir daha xatırlatmaq istəyirəm ki, bu müzakirələr 90 saylı DSK-da seçki ilə bağlı qərar veriləndən dərhal sonra aparılıb. Bir yox ,həm də bir neçə dəfə, özü də müavinlərin və Ali Məclis sədrinin iştirakı ilə. Sadəcə siz iştirak etməmsiniz. Müzakirələr zamanı bir çox rayon şöbə sədrləri ilə də mobil telefon vasitəsilə əlaqə saxlanılıb və onların fikri öyrənilib. Yerli təşkilat sədrləri də yetkinliklə seçkiyə qatılmağı və İqbal bəyin namizədliyini dəstəkləyiblər. Şəxsən mənim də fikrim öyrənilib və müavinlərdən yalnız mən tərəddüd etmişəm və seçkilərə qatılmamaqla bağlı rəy bildirmişəm. Bu da normal qarşılanıb.
Çoxluq seçkiyə qatılmağın tərəfdarı olubsa nə etmək olar? Sizinlə də bu barədə ətraflı söhbətimiz olub".
***
Ümid Partiyasının sədr müavini Həcər Abbaslı vəzifəsindən və partiyadan istefa verib.

Bu barədə APA-ya H. Abbaslı özü məlumat verib. O bildirib ki, istefasına səbəb partiyadaxili qərarların demokratik yolla qəbul edilməməsi, idarəçiliyin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, perspektivi və ümum komanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəminində aparılması olub. H. Abbaslı deputatlığa namizədliyini irəli sürməsinə partiya sədri İqbal Ağazadənin mane olduğunu qeyd edib: "İstefama səbəblərdən ən əsası isə Azərbaycan Respublikası Milli Məclisinə 2016-cı il 18 iyun təkrar seçkilərində iştirak etmək qərarım və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyinin partiya rəhbərliyi ilə müzakirə etmədən gizlin irəli sürməsi olub. Bəyan edirəm ki , bu gündən müxalif partiya imitasiyasında cəmiyyətimizdəki demokratik inkişaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm".