Kofein adətən enerji artımı ilə əlaqələndirilsə də, onun beyinə təsiri daha geniş ola bilər. Araşdırma göstərib ki, bu maddə yuxusuzluq səbəbilə yaranan yaddaş problemlərini azalda bilər.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, Sinqapur Milli Universitetinin tədqiqatçıları beynin hipokamp bölgəsində yerləşən CA2 sahəsinə fokuslanıblar. Bu sahə sosial yaddaşa, yəni tanış insanları tanıma qabiliyyətinə cavabdehdir.
Təcrübə zamanı yuxudan məhrum edilən siçanlar əvvəllər ünsiyyətdə olduqları digər fərdləri tanımaqda xeyli çətinlik çəkiblər. Lakin maraqlıdır ki, yuxusuzluqdan əvvəl bir həftə ərzində müntəzəm olaraq kofein qəbul edən siçanlarda bu cür problemlər müşahidə olunmayıb. Hətta kofein yuxusuzluqdan sonra birbaşa beyin toxumalarına tətbiq edildikdə belə, CA2 sahəsində siqnal ötürülməsi yaxşılaşıb.
Fizioloq Lik-Vey Vonqun sözlərinə görə, yuxusuzluq yalnız yorğunluq yaratmır, eyni zamanda yaddaş üçün vacib olan sinir əlaqələrini seçici şəkildə pozur. Onun fikrincə, kofein bu prosesləri həm davranış, həm də molekulyar səviyyədə bərpa edə bilir.
Araşdırma həmçinin göstərib ki, yuxu çatışmazlığı adenozin adlı maddənin siqnallarını gücləndirir. Bu maddə yuxunu təşviq etsə də, eyni zamanda yaddaş fəaliyyətini zəiflədə bilər. Kofein isə bu siqnalları bloklayır və bu fakt eksperiment nəticələri ilə də təsdiqlənib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bu nəticələr yalnız siçanlar üzərində aparılan təcrübələrə əsaslanır və insanlarda təsdiqlənməsi üçün əlavə araşdırmalar tələb olunur. Bununla belə, alimlər hesab edirlər ki, hətta qısa müddətli yuxusuzluq belə insanların yaddaşına təsir edə bilər və müntəzəm kofein qəbulu bu təsirləri müəyyən qədər azalda bilər. Əldə olunan nəticələr yuxu pozğunluqları ilə demensiya riski arasındakı əlaqənin öyrənilməsi üçün də əhəmiyyətli ola bilər.
Əvvəlki tədqiqatlar qəhvənin qoruyucu təsir göstərə biləcəyini ortaya qoymuşdu və yeni nəticələr bu təsirin mexanizmlərini daha yaxşı anlamağa kömək edir. Alimlərin fikrincə, bu kəşf idrak zəifləməsinin mexanizmlərini daha dərindən anlamağa və gələcəkdə onun qarşısının alınması üçün yeni yanaşmaların hazırlanmasına zəmin yarada bilər.