CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il dekabrın 30-da Bakının Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində bıçaqlanma hadisəsi olur. Bu barədə məscidin yaxınlığındakı parfümeriya mağazasında işləyən qadın polisə məlumat verib.
Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Elşən Hüseynov hadisə yerinə yollanan polis əməkdaşları tərəfindən saxlanılıb.
“Baxış keçirilməsi” protokolundan görünüb ki, məscidin darvazasının və üzbəüz yerləşən dükanının qarşısında qan ləkələri aşkar edilib.
Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Elşən Hüseynov “Məşədi Dadaş” məscidinin imamı olan və din sahəsində ictimai xadim hesab edilən Əli Şərbətovun fəaliyyətinə son qoymaqdan ötrü, qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə dekabrın 30-u saat 15:30-da üzərindəki bıçaqla ora gələrək Əli Şərbətovun xidməti otağına daxil olmaq istəyib. Amma qarşısına çıxan məscidin işçisi Rəsul Həsənli ona mane olduğundan, bıçaqla onun başına və qarnına zərbələr vurub. Zərərçəkmişə vaxtında müvafiq tibbi yardım göstərildiyindən Elşən Hüseynov iradəsindən asılı olmayan səbəblərdən Əli Şərbətovu və Rəsul Həsənlini öldürməyə yönələn cinayət əməlini başa çatdıra bilməyib.

Məhkəmə iclasında Elşən Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, “o adam ölmədi, buna görə peşmanam”. Onun sözlərinə görə, günlərin bir günü yuxuda olanda ona səs gəlib ki, guya günahları bağışlanıb və o, İmam təyin edilib:
“Bu vəhylə əlaqədar 2023-cü ilin avqust ayında “Məşədi Dadaş” məscidinə gedib oranın axundu Əli Şərbətovla görüşdüm. Əli məni dinləyib Dini Mərkəzə göndərdi. Bundan sonra bir neçə dəfə axundla görüşmək istəsəm də, məsciddə qeyri-rəsmi işləyən Rəsul Həsənli məni Əli Şərbətovun yanına buraxmadı.
Dekabrın 29-da, həftənin cümə günü, axundla görüşmək üçün yenidən məscidə getdim. Otağının qapısı açıq olduğundan, gördüm ki, o, çörək yeyir. Sonra Rəsul Həsənli yanıma gəlib axundun vaxtının olmadığını və sabah gəlməyimi bildirdi.

Elşən Hüseynov
Dekabrın 30-da günorta ora gedəndə, qarşıma çıxan məscidin işçisi axundun olmadığını dedi. Əsəbləşdim və ona növbəti gün gəlməyimi dediyini xatırladaraq yaxasından tutdum. Rəsul əlimdən çıxıb qaçdı. Həyətdə ona çataraq cibimdən çıxardığım bıçaqla başına və qarnına zərbələr vurdum. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları məndən əlimdəki bıçağı atmağı tələb etdilər. Müqavimət göstərməyin mənasız olduğunu anlayaraq onlara tərəf addımladım”.
Zərərçəkmiş Əli Şərbətov bildirib ki, avqust ayının axırlarında Elşən Hüseynov onun xidməti otağına gələrək tələb edib ki, namaza toplaşan dindarlara onu 12-ci İmam Mehdi kimi təqdim etsin:

“Sakitcə həmin şəxsi dinləyib ona sual verəndə, həmin şəxs aqressiv cavablar verdi. Sonra sənin məsələni müzakirə edib araşdırarıq deyə, onu yola saldım. Görüş zamanı Elşən Hüseynov mənə hədə-qorxu gəlməyib. Onu ciddi insan kimi qəbul etmədiyimdən aramızdakı söhbəti heç kimə danışmadım. Bundan sonra Elşən Hüseynov bir neçə dəfə mənimlə görüşməyə cəhd edib, amma mən görüşməkdən yayınmışam.
Dekabrın 29-da xidməti otağımda 2-3 nəfəri qəbul edib söhbət edərkən Elşən Hüseynov otağın qarşısına yaxınlaşdı. Bu zaman qapı açıq idi. İçəri girmək istəyəndə, yanımda adamların olduğunu və başqa vaxt gəlməsini dedim. İndi başa düşür ki, Elşən Hüseynovun aqressiv davranışı barədə vaxtında polisə məlumat verməli idim”.

Zərərçəkmiş Rəsul Həsənli ifadəsində göstərib ki, neçə ildir məsciddə könüllü işləyib, vəzifəsi təmizliyə riayət etmək, axundun tapşırıqlarını yerinə yetirməkdən ibarət olub:
“Dekabrın 30-da Elşən Hüseynovun məni öldürmək istədiyini başa düşərək qaçdım və məscidin qarşısındakı ətir mağazasına daxil oldum. Satıcı xanımdan polisə və təcili yardıma zəng etməsini xahiş etdim. Qulağımdan axan qanın qarşısını almaq üçün satıcı mənə yardım göstərdi. Xəstəxanaya getmək üçün mağazadan çıxıb taksiyə əyləşmək istəyəndə, polis avtomobilinin gəldiyini gördüm. Yaxınlaşıb polis əməkdaşlarına məscidin həyətində dayanan Elşən Hüseynovu göstərdim”.

Prokuror təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini istəyib.
Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Elşən Hüseynovun əməli Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29,120.2.11-ci (terrorçuluqla əlaqədar qəsdən adam öldürməyə cəhd), 29,120.2.12-ci (dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 277-ci (ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri düzgün tövsif edilib. O, qanunla müəyyən edilimiş qaydada həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.