“Vicdanın olsun, hamımızın balası var, düzünü danış” – MƏHKƏMƏDƏ  ŞOK İFADƏ
27 aprel 2026 12:52 (UTC +04:00)

“Vicdanın olsun, hamımızın balası var, düzünü danış” – MƏHKƏMƏDƏ ŞOK İFADƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Abbasov Ülvinin cinayət işi üzrə məhkəmə  prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə  təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Ülvi Abbasov qətlə yetirilən İsgəndər Əliyevi tikintidə işləyəndən tanıdığını bildirib:

"Hadisə avqustun 3-dən 4-nə keçən gecə olub. Mən gecə saat 10 radələrində işdən evə gəldim. Otaq yoldaşım Amidlə bir yerdə qalırdım, Fazil, İsgəndər və Seyrac bir otaqda qalırdılar. Hadisə günü yatmışdım. Səhər durub, çay-çörəyimi yeyib evin həyətinə çıxmışam. Həyətə çıxanda Fazil taksi ilə gəldi ki, əşyalarım var, mənə kömək elə, taksiyə qoyaq. Kömək etdim. Çantaların içində nə olduğundan xəbərim yox idi. Fazil maşınla çıxıb getdi. Mən də öz otağıma qayıtmışam. Yasımız var idi, bacanağım Bəşir zəng elədi ki, gəlib onlarda qalım ki, ayın 5-də birlikdə hüzürə çataq. Sonra qayıtdım Bakıya. Ayın 6-7-də işimdə olmuşam. Ayın 8-i gecə saat 11-də polislər gəlib məni bölməyə apardılar. Mən İsgəndərin ölümünü orada eşitdim. Qıldığım namaza and olsun, mənim günahım yoxdur, burada boş-boşuna çürüyürəm".

Zərərçəkənin hüququ  nümayəndəsi "Allahın, vicdanın  olsun, hamımızın balası var, düzünü danış. Qismət olsa, yanına gələcəm, qanımı alacam" -deyib.

Daha sonra məhkəmə Ülvi Abbasovun ilkin istintaq zamanı verdiyi ifadəsini elan edib:

"Mən İsgəndər, Fazil və digərləri ilə kirayədə qalırdım. Bakıda tikinti şirkətində fəhlə işləyirəm. İsgəndər və Fazil ayrı otaqda qalırdılar. Mən onun adının Fazil olduğunu istintaqda bilmişəm. O özünü bizə Rasim kimi tanıtmışdı. Avqustun 4-də öz otağımda yatmışdım. Fazil gecə qapımı döyüb məni otağına çağırdı. Biz İsgəndərin çoxlu pulu olduğunu bilirdik, çünki o çox sadə həyat keçirirdi və pulunu yığıb saxlayırdı. Sövdələşmişdik ki, İsgəndərin pulunu ələ keçirib aramızda bölüşdürək. Mən Fazildən qorxurdum, həm də pula ehtiyacım var idi. Mən otağa daxil olsnda İsgəndərin çarpayısında sağ yanı üstə yatdığını gördüm. İsgəndərin ayağından tutdum. Bu zaman Fazil İsgəndərin üzündən dörd dəfə zərblə elə vurdu ki, o qışqıra da bilmədi, çünki Fazil İsgəndərin ağzını möhkəm tutmuşdu. Sonra, Fazil mənim otaqdan çıxmağımı tələb elədi. Mən şokda idim, həyəcandan əsirdim. Birtəhər öz otağıma keçdim. Səhər saat 7-də durdum. Həyətə çıxanda Fazil dedi ki, salafon tapmağa gedir. O təxminən 30 dəqiqə sonra qayıtdı. Haradasa bir saat sonra otağından çıxdı. Mən bilirdim ki, çantalarda olan İsgəndərin tikələnmiş cəsədi idi. Ona kömək edib çantaları taksiyə kimi apardım. Fazil də taksi ilə çıxıb getdi. Hadisədən sonra Fazil mənə sövdələşdiyimiz pulu vermədi. Fazil İsgəndərin pulunu ələ keçirmək üçün onu öldürüb".

Daha sonra zərərçəkənin hüquqi varisi Ə.İ ifadə verib:

"Çoxdandır qardaşımla danışa bilmirdik. Ayın 4-də qardaşım İsgəndərin whatsapp- dan "Səsim batıb, danışa bilmirəm" deyə mesaj gəldi. Biz yazdıq ki, görüntülü danışsın, amma razılaşmadığını bildirən bir mesaj gəldi. Ailəlikcə çox narahat qaldıq, onun başına bir iş gəldiyini düşünməyə başladıq. Avqustun 7-də qardaşımın telefondan zəng gəldi, bir adam telefonun onda olduğunu, tapdığını dedi. Ürəyimiz qırılıb ayağımızın altına düşdü. Onun dediyi yerə gedib qardaşımın telefonunu götürdük. Mən polisə məlumat verdim. Sonra qardaşımın qaldığı evə getdim. Fazil dedi ki, İsgəndərin harada olmasından xəbəri yoxdur. Ağlıma da gəlməzdi ki, qardaşımı o öldürüb. Evə gələndə gördüm ki, Ülvi sumkasını yığıb, hazır dayanıb. O otaq karton arakəsmədir, bir ayaqqabı yerə düşəndə hamı eşidir. Ülvinin heç nə bilmədiyini deməsi ağ yalandır. Bu hadisə bizi çox sarsıdıb. Möhtərəm hakimlər, sizə yalvarıram, onları ömürlük  cəzaya məhkum edin".

Öldürülən İ.Əliyevin qardaşı Ə.Ə şahid qismində ifadə verib:

"Mən o otaqda beş il kirayədə qalmışam. Ülvini də tikintiyə mən gətirmişəm. O otaqda səs gələndə hamı narahat olurdu, mümkün deyil ki, adam öldürülsün, amma səs eşidilməsin. Məncə otaqda başqa bir adam da olub, amma bu Ülvi onu satmır. Bunlar qardaşımı birləşib öldürüblər".

Növbəti məhkəmə 6 may saat 11:15-ə təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar