Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, ölkələrin əmsalları 2022-ci ilin arxada qalan dövründəki nəticələrə əsasən hesablanıb.
Bu müddətdə 48 ölkə aktivinə xal yazıb. Azərbaycan idmançıları ilin əvvəlində xal qazana bilməyib.
Bu da başadüşüləndir. Çünki cədvələ əsasən qış idman növləri, həmçinin tennis, futbol kimi uğur qazana bilmədiyimiz idman növlərindəki nüfuzlu yarışlar nəzərə alınıb.
Siyahıya Norveç başçılıq edir. Şimallılar 692 xala malikdir. ABŞ 635 xalla ikinci, Kanada 491 xalla üçüncüdür. Qardaş Türkiyə cədvəlin sonuncu – 48-ci pilləsində yer alıb. Maraqlıdır ki, qonşularımız aktivindəki 2 xalı şort-trekdə toplayıb.
Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 470 xalla 43-cü olub.