“Qarabağ” “Qəbələ”yə  qalib gəlib   üçüncü pilləyə yüksəldi
25 sentyabr 2023 21:33 (UTC +04:00)

“Qarabağ” “Qəbələ”yə qalib gəlib üçüncü pilləyə yüksəldi

6

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Lent.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

Son çempion “Qarabağ” Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan və FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab erkən qolla açılıb. İkinci dəqiqədə Hamidu Keyta "Qarabağ"ı önə keçirib. Doqquz dəqiqə sonra Nəriman Axundzadə qonaqların üstünlüyünü iki topa çatdırıb.

42-ci dəqiqədə “Qarabağ” meydanda azlıqda qalıb. Kevin Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyünə baxmayaraq, “Qəbələ” yalnız buraxılan qollardan birinin əvəzini çıxa bilib. Lukas Afriko 75-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib. 89-cu dəqiqədə isə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov baş hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

Bu qələbədən sonra xallarını 11-ə çatdıran “Qarabağ” üçüncü pilləyə yüksəlib. Dörd xalı olan “Qəbələ” isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”la qolsuz, “Zirə” “Neftçi” ilə 1:1, “Sabah” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Səbail” isə doğma meydanda “Araz-Naxçıvan”a qalib gəlib – 1:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
6
# 5010

Oxşar yazılar