Baş Dövlət Yol Polisi İdarəsi "Mingəçevir" klubunun futbolçularının yol qəzasınadüşməsi barədə məlumat yayıb.
İdarədən Lent.az-a verilən məlumata görə, bu gün saat 13 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü 74 yaşlı Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 55 yaşlı Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.
Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, bugün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 13:46
Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
PFL-dən Lent.az-a verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.