PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi yeni animasiya serialının baş qəhrəmanı olacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, futbolçu haqqında layihə “Sony Music Entertainment” tərəfindən Leo Messi Management ilə əməkdaşlıqda hazırlanacaq. Cizgi serialı video oyunda səyahət edərkən müxtəlif maneələri dəf etməli olan Messinin uşaqlıq illərindən bəhs edir.
"Mən uşaqlıqdan cizgi filmlərini sevirəm və uşaqlarım cizgi personajlarının böyük pərəstişkarıdırlar", - Messi deyib.
Messinin sözlərinə görə, animasiya layihəsində iştirak etmək onu sevindirir, çünki arzularından biri gerçəkləşib: “Bu layihənin bir hissəsi olduğum üçün “Sony Music”ə təşəkkür etmək istərdim. Ümid edirik ki, hər kəs son nəticədən zövq alacaq, xüsusən də qızlar və oğlanlar”.
Messi 7 dəfə "Qızıl top"un qalibidir. 2022-ci ildə 35 yaşlı futbolçu Argentina millisinin tərkibində ilk dəfə dünya çempionu olub.