Güləşçilərimiz beynəlxalq turnirdə dörd medal qazandılar
05 mart 2023 22:52 (UTC +04:00)

Güləşçilərimiz beynəlxalq turnirdə dörd medal qazandılar

0

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri sona çatıb.

Lent.az-ın Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, turnirdə 86 kiloqram çəki dərəcəsində yer alan sərbəst güləşçilərimiz dörddəbir finaladək iki qələbə qazanıblar. Orxan Abasov ABŞ təmsilçiləri Kuentin Peres (13:5) və Ceyms Morqan (13:1) üzərində inamlı qələbə qazanıbsa, Abubakr Abakarov polşalı Filip Roqut (7:1) və gürcüstanlı Zaur Beradzeni (2:2) üstələyib. Güləşçilərimiz dörddəbir finalda üz-üzə gəliblər və A.Abakarov güclü olub – 7:0. Ancaq təmsilçimiz yarımfinalda türkiyəli Fatih Erdinlə görüşdə zədələndiyi üçün yarışdan çəkilmək məcburiyyətində qalıb.

Yarışda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçilərimiz dörddəbir finalda bir-biri ilə qarşılaşıb. Rahid Həmidli Georgi Meşvildişviliyə müqavimət göstərə bilməyib – 0:10. G.Meşvildişvili yarımfinalda amerikalı Ryan Valza da heç bir şans tanımayıb – 11:0. Həlledici görüşdə iranlı Mustafa Tağanini 7:2 hesabı ilə üstələyən güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qaxıb. R.Həmidli isə bürünc medal uğrunda görüşdə R.Valzla bacarmayıb - 1:3.

Həftəsonu qadın güləşində iki təmsilçimiz çıxış edib. Türkan Nəsirova (50 kq) ilk mərhələdə bolqarıstanlı Miqlena Selişkaya 2:4 hesabı ilə məğlub olub. Əvəzində Mariya Stadnik M.Selişkanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Millimizin lideri yarımfinalda Şimali Makedoniyanı təmsil edən Veronika Ryabovolovaya da eyni hesabla qalib gəlib. Finalda qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşan M.Stadnikə qələbə üçün cəmi 35 saniyə kifayət edib – 10:0.

Beləliklə, güləşçilərimiz bu yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal qazanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1731

Oxşar yazılar