Mühasirəyə alınmış Mariupol hazırda Ukrayna xəritəsində ən qaynar nöqtədir. Mülki əhali və şəhərin müdafiəçiləri Rusiya ordusunun atəşindən qırılırlar.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, Mariupolu müdafiə edən ukraynalı kikboksinq üzrə dünya çempionu Maksim Kaqal da döyüşlərdə vəfat edib. Bu barədə onun məşqçisi Oleq Skirta öz “Facebook” səhifəsində məlumat verib.
Maksim “Azov” xüsusi təyinatlı dəstəsində xidmət edirdi.
“Klubumuzda kikboksinq üzrə ilk dünya çempionu, şanlı Kremençuq şəhərimizdə kikboksinq üzrə ilk dünya çempionu, Ukrayna milli komandasının tərkibində böyüklər arasında kikboksinq ISKA üzrə ilk dünya çempionu və sadəcə vicdanlı və layiqli insan!” - Skirta yazıb.
Maksim Kaqal - kikboksinq, tay boks Muay Thai ilə məşğul olub. ISKA versiyası üzrə 2014-cü ildə kikboksinq üzrə dünya çempionu və bürünc mükafatçısı olub.
2014-cü ildə Kremençuk reqbi-7 açıq çempionatının gümüş medalını qazanıb. O, futbolu sevirdi və yerli komandanı fəal şəkildə dəstəkləyirdi.