“Barselona”nın prezidenti Joan Laporta La Liqa rəsmilərinin CVC ilə müqavilə imzalamaq üçün kluba təzyiq etdiyini etiraf edib.
Lent.az xəbər verir ki, klub prezidenti CVC ilə müqavilə imzalamadıqları üçün şanslı olduqlarını deyib:
“Mən Neqreyra işinin ortaya çıxmasını onunla əlaqələndirirəm ki, xoşbəxtlikdən CVC ilə müqavilə imzalamamışıq. Bu müqavilə klubu 50 il müddətinə bağlayacaqdı. Bu, klubların televiziya hüquqlarının 10,95 faizini özündə saxlayan fonddur. Bu, kreditdir və əməliyyatın Barselonaya faydasını görmədik. Bizə pul lazım idi, ona görə də televiziya hüquqlarımızın 25 faizini satdıq və bununla da klubu xilas etdik. Amma vəziyyəti tam düzəltməmişik.
Müqavilənin şərtlərindən biri La Liqanın hazırkı prezidenti Xavyer Tebasın əvvəlcə 15, sonra isə 8 il vəzifəsində qalması idi. Onun maaşı bank rəhbərlərinin maaşından iki dəfə çox olacaq. La Liqada bizə dedilər ki, CVC ilə müqavilə bağlasaq, onlar bizim üçün oyunları 15 faiz asanlaşdıracaqlar. Tebas bizə dedi ki, razılaşmasaq, oyunçularla müqavilə imzalaya bilməyəcəyik, liqa bizim üçün işləri çətinləşdirəcək. İndi məsələ məhkəmədədir”.
