“Marsel”in azarkeşlərindən biri sevimli komandasında çıxış edən xoşagəlməz futbolçu ilə necə mübarizə aparacağını düşünüb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa klubunun azarkeşi rəhbərliyi futbolçulardan birini satmağa məcbur etmək üçün aclıq aksiyasına başlayıb.
Adı açıqlanmayan kişi komandanın ofisinə gələrək oturaq aksiya elan edib. Beləliklə, kişi klubu müdafiəçi Leonardo Baleridini satmağa məcbur etmək niyyətindədir.
Etirazçı ətrafına bir neçə lövhə qoyub. “Aclıq elan edirəm”, “Balardı get buradan”, “Səni burada görmək istəmirlər” və bu kimi ifadələr yazılıb.
Azarkeş hərəkətini belə şərh edib: “O, artıq “Marsel”də oynamamalıdır, bu qədər. Bunda qəbahətli bir şey yoxdur. Marsellilərə mesajımı söymədən, təhqir etmədən çatdırıram”.
Ola bilsin ki, azarkeşin qərarına Balerdinin “Marsel”in qələbəni qorumadığı “Strasburq”la oyundan qovulması təsir edib.
Qeyd edək ki, argentinalı “Marsel”ə 2020-ci ildə Dortmund “Borussiya”sından keçmişdi. Bu mövsüm Leonardo klubda 27 oyun keçirib və bu oyunda bir məhsuldar ötürmə verib.