"Arsenal"ın Premyer Liqa çempionluğunu qazanmaq üçün yalnız nəzəri şansı var.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, London klubu öz meydanında “Brayton”a 0:3 hesabı ilə uduzduqdan sonra “Mançester Siti”dən dörd xal geri qalıb və əlavə olaraq rəqibin ehtiyat bir oyunu var.
Artıq birincilik uğrunda mübarizənin uduzduğunu anlayan “topçular” rəhbərliyi növbəti mövsümün hazırlığına başlayıb.
“The Times”ın məlumatına görə, ingilis klubu səkkiz- doqquz oyunçusunu sataraq, mövsümlərarası fasilədə heyəti kəskin şəkildə boşaltmaq niyyətindədir.
Mənbənin məlumatına görə, Qranit Caka, Kiran Tirni, Emil Smit-Rou, Folarin Baloqan, Rob Qoldinq, Ansli Meytlend-Naylz, Albert-Mboyo Lokonqa, Nuno Tavareş və Sedrik Soareş komandanı tərk edə bilər.
Əldə olunan gəlir heyəti gücləndirmək üçün istifadə olunacaq. Mikel Arteta “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays və “Brayton” dan Moises Kaysedo ilə müqavilə bağlamaqda maraqlıdır. Bu transferlər kluba 195 milyon avroya başa gələ bilər.
Bundan başqa, Rafinya, Mussa Diabi və Meyson Maunt da “Arsenal”ın sıralarına qoşula bilər.