Pul üstündə qızla dalaşdı, bir zərbəyə  öldürüldü - Əsa ilə törədilən qətlin DETALLARI
06 aprel 2026 20:15 (UTC +04:00)

Pul üstündə qızla dalaşdı, bir zərbəyə öldürüldü - Əsa ilə törədilən qətlin DETALLARI

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü ilin iyul ayında Bakının Sabunçu rayonu ərazisindəki kafedə başından xəsarət alan şəxs bir neçə gün sonra xəstəxanada ölür.

2024-cü il iyulun 17-i səhər saat 05:45-də Daxili İşlər Nazirliyinin 102 mərkəzinə zəng edən 1990-cı il təvəllüdlü Turan Şəkərov Bakının Bakıxanov qəsəbəsində yerləşən kafedə tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Təxminən saat 8 radələrində o “başın kəsilmiş yarası” diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə daxil olub. Turan Şəkərov xəstəxanaya yollanan 13-cü Polis Şöbəsinin əməkdaşlarına deyib ki, gecə saat 2 radələrində kafeyə gedərək pivə içib. Bir qədər sonra orda mübahisə düşdüyünü görüb, çölə çıxmaq istəyərkən naməlum şəxs ona yaxınlaşıb, əlindəki küt alətlə başına zərbə endirib.
 
Məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşı əraziyə yollanıblar. “Baxış keçirilməsi” protokoluna əsasən, hadisə Bakıxanov qəsəbəsi, R.Rüstəmov 25/24 ünvanında yerləşən “Skorpion” adlı kafedə baş verib.


 
Sabunçu rayon Polis İdarəsində başlayan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib.
 
Avqustun 13-də şübhəli şəxs qismində 2002-ci il təvəllüdlü Elnarə Əliyeva saxlanılsa da, kifayət qədər əsas olmadığından o, 2 gündən sonra həbsdən azad edilib. Ayın 17-də 1970-ci il təvəllüdlü Musa Musayev cinayət məsuliyyətinə cəlb edilib.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, iyulun 17-i saat 5 radələrində kafedə, sərxoş vəziyyətdə olan Turan Şəkərov kafenin işçiləri ilə mübahisə edib. Yanında olan tanışları tərəfindən həmin obyektdən çölə çıxarılandan sonra da Turan Şəkərov sakitləşməyib. Bunu görən Musa Musayev əlində olan əsa ilə onun baş nahiyəsinə güclü zərbə vurub. Ağır xəsarət alan zərərçəkmiş Təcili Tibbi yardım briqadası ilə Sabunçu Tibb Mərkəzinə, 3 gündən sonra isə ordan Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq Turan Şəkərov ayın 20-i saat 16:20-də orda vəfat edib.

Turan Şəkərov
 
İş üzrə dindirilmiş Musa Musayev bildirib ki, Bakıxanov qəsəbəsində yerləşən kafenin yanındakı sexdə, fərdi əməklə məşğul olub. Ayın 16-da axşam iş yerinə gedib:

“Səhər saat 5 radələrində kafedə barmen işləyən Ellada adlı qadın yanıma gəlib dedi ki, içəridə müştəri qismində gəlmiş Müşfiq Abasquluyev və yanında olan şəxs mübahisə edirlər. Məndən xahiş etdi ki, gəlib onları sakitləşdirim. Düzəltdiyim əsanı da götürüb həmin xanımla kafeyə daxil olanda gördüm ki, Müşfiqin yanında 30-35 yaşlarında olan tanımadığım şəxs başqa masada əyləşmiş Elnarə adlı qadınla dalaşır. Onlar pul üstündə mübahisə edirdilər.

Müşfiq Turan adlı oğlanı qucaqlayıb kafedən bayıra çıxardı. Əvvəl Elnarə, ardınca da mən çölə çıxdıq. Həyətdə Elnarənin əlləri ilə Turanı itələdiyini və oğlanın yıxılaraq başının ağaca dəydiyini gördüm. Həmin şəxs ayağa qalxıb söyüş söyərək, qadının üstünə hücum etmək istəyəndə, əlimdəki əsa ilə onu sinəsindən itələdim. Sonra həmin əşya ilə başına zərbə vurdum. Sonra Müşviq və tanımadığım şəxs Turanı kafenin qarşısından uzaqlaşdırıb yolun əks tərəfində yerləşən marketə tərəf apardılar. Bundan 2 saat sonra Turan Şəkərov Post patrul xidmətinin əməkdaşları ilə birlikdə hadisə yerinə gəldi. Turan polislərə bildirdi ki, onu kafedə pulunu oğurlayan qız vurub. Elnarə də onu vurduğunu etiraf edib. Polis şöbəsinə dəvət olunan Elnarə Əliyeva bir neçə saatdan sonra qayıdaraq bildirdi ki, onu sərbəst buraxıblar və izahatını almayıblar. Bundan sonra o, çıxıb öz evinə getdi”.

Musa Musayev

İş üzrə ikinci dəfə dindirilmiş Musa Musayev bildirib ki, Turan Şəkərovun başına qəsdən zərbə vurmayıb:

“Onun sinəsindən əsa ilə itələyərkən, həmin əşya sürüşərək başına dəydi. Turanın ölümünə səbəb olan xəsarəti yetirməmişəm. Ola bilər ki, həmin xəsarət Elnarə Əliyeva zərərçəkmişi itələyən zaman, başının ağaca dəyməsi nəticəsində yaranıb”.

Şahid Müşviq Abasquluyev ifadəsində göstərib ki, Musa adlı şəxs kafedən çıxaraq Turanın üzərinə gəlib və əlindəki baş hissəsi qartal quruluşlu əsa ilə onun baş nahiyyəsinə bir dəfə zərbə vurub:

“Bundan sonra Turanı və Musanı kənara çəkərək davanın başlanmasına mane olduq. Supermarketin qarşısında dayanıb söhbət edərkən Turan 102 xidmətinə zəng vuracağını dedi. Musadan başqa Turana heç kim xəsarət yetirməyib”.


 
Şahid Elnarə Əliyeva ifadəsində göstərib ki, Turan adlı şəxs ona təklif edib ki, otelə getsinlər. Amma o, buna etiraz edib:

“Sərxoş halda olan Turan məni söyərək keçib öz masasında oturdu. Səs-küy saldığı üçün Müşviq və daha 2 nəfər Turanı çölə çıxardılar. Bir neçə dəqiqədən sonra qayıdaraq bildirdilər ki, Turanı vurublar. Lakin mən həmin şəxsin kim tərəfindən vurulması ilə maraqlanmadım. İlkin ifadəmdə Turanı itələdiyimi və başının ağaca dəydiyini göstərmişəm, amma əslində belə bir şey olmayıb. Turana başqa şəxs zərbə vurub, onu tanımıram”.


 
Məhkəmə iclasında Musa Musayev əməlindən peşman olduğunu bildirməklə, ona yüngül cəza təyin edilməsini xahiş edib
 
Zərərçəkmiş  şəxsin  hüquqi  varisi  Mirzəbala Şəkərov ifadəsində göstərib ki, iyul ayında Moskva şəhərində olub:

“Hadisə barədə yeznəm zəng edərək xəbər verdi”.

O, Musayevdən şikayəti olmadığını, barışıq məqsədi ilə təqsirləndirilən şəxsin nümayəndəsi tərəfindən ona 25.000 manat pul verildiyini bildirib.


 
Məhkəmə qənaətə gəlib ki, Musa Musayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cəza təyin edilməlidir. Məhkəmə, 62-ci maddəni tətbiq etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının daha aşağı həddindən də az cəza təyin edilməsini məqsədə uyğun hesab edib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Musa Musayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar