"Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə inamla liderlik etməkdə davam edir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, çempionatın 27-ci turunda səfərdə “Fulhem”i 3:0 hesabı ilə məğlub edən Artetanın yetirmələri növbəti qələbəsini qazanıb. Beləliklə, “topçular” daxili çempionatda özünəməxsus nailiyyət yarada bilib.
“Arsenal” İngiltərə Premyer Liqası tarixində ardıcıl beş London derbisində quru hesabla qalib gəlməyi bacaran ilk klub olub. “Fulhem”dən əvvəl “Tottenhem”i (2:0), “Çelsi”ni (1:0), “Brentford”u (3:0) və “Kristal Pelas”ı (2:0) məğlub edib.
Qeyd edək ki, turnir cədvəlində “Arsenal” 66 xalla 1-ci yeri tutur. İkinci yerdə qərarlaşan “Mançester Siti” “topçular”dan 5 xal geri qalır.