“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu mövsüm heç bir kubok qazana bilməsə, komandadan ayrılacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, yayda italiyalı mütəxəssis yeni futbolçular almaqda israr etsə də, klub rəhbərliyi buna reaksiya verməyib. Mütəxəssis səs-küylü transferlərdən imtinanın səbəblərini anlasa da, bunun onun komandadakı işini təhlükəyə atdığını hesab edib. Ançelotti artıq başa düşür ki, klub bu mövsüm kuboklar almasa, “Real Madrid”də qalmayacaq.
Xatırladaq ki, “Real Madrid” ölkə Superkubokunun finalında “Barselona”ya 1:3 hesabı ilə uduzmuşdu. Madrid klubu yeganə qolu əsas vaxtda vurub.
Martın 2-də Madrid klubu bu dəfə İspaniya Kubokunun ilk yarımfinal matçında yenidən “Barselona”ya 0:1 hesabı ilə uduzdu. Cavab matçı aprelin 5-də Barselonada keçiriləcək.
Ötən həftəsonu Karlo Ançelottinin yetirmələri La Liqada “Real Betis”lə (0:0) bərabərə qalıb. “Real Madrid” son iki matçdır ki, liqada qalib gəlmir. “Barselona”dan 9 xal geridədir.