Pişiyi çölə buraxmaq  lazımdırmı? Mütəxəssislərin rəyi
06 aprel 2026 09:52 (UTC +04:00)

Pişiyi çölə buraxmaq lazımdırmı? Mütəxəssislərin rəyi

0

Bir çox pişik sahibi əmindir ki, heyvanı dörd divar arasında saxlamaq qəddarlıqdır. Onların təsəvvüründə pəncərədən quşlara baxıb azadlıq arzulayan “məhbus” pişik obrazı yaranır. Amma zoopsixoloqlar və baytarlar bu sadə stereotipi dağıtmağa tələsirlər.

Məlum olur ki, müasir ev pişiyi artıq savannadakı pələngin kiçik surəti deyil. Təxminən doqquz min illik əhliləşdirmə prosesində onun beyni və instinktləri ciddi şəkildə dəyişib. Küçədə romantik görünən şeylər əslində ev heyvanı üçün ölüm riski olan bir lotereyadır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yekdilliklə pişiyi sərbəst şəkildə çölə buraxmaq, gecə vaxtı uşağı təhlükəli bir əraziyə tək göndərmək kimi təhlükəli hesab edirlər. 

Baytarların ilk vurğuladığı məsələ viruslardır. Küçədə pişik müxtəlif xəstəliklərə yoluxa bilər: sadə birələr və qurdlardan tutmuş ölümcül leykoz və ya immunçatışmazlığa qədər. Ən qorxulusu isə odur ki, bu xəstəliklər uzun müddət simptomsuz qala və sonra birdən-birə heyvanı məhv edə bilər.

İkinci məsələ “insan faktoru” və şəhər mühitidir. Avtomobillər, sahibsiz it sürüləri, psixoloji problemləri olan insanlar və ya zəhərlənmiş yem. Evdə rahat şəraitə öyrəşmiş pişik nə maşından qaçmağı, nə də zəhəri tanımağı bilir.

Bir çox sahib düşünür ki, evdə pişik darıxır və həyatı “qab-divan-tualet” dövründən ibarətdir. Amma bu, küçənin yox, sahibin problemidir. Əgər heyvan darıxırsa, deməli, onun üçün düzgün mühit yaradılmayıb.

Təhlükəli gəzintilərə alternativ olaraq “zənginləşdirilmiş mühit” anlayışı var. Bu, evdə çoxsəviyyəli rəflər, dırnaq itiləyən dirəklər, interaktiv oyuncaqlar və yem tapmacaları yaratmaq deməkdir. Pişiyə geniş həyət yox, hündürlük və ov instinktini həyata keçirmək imkanı lazımdır.

Sahibi ilə gündə cəmi 15–20 dəqiqəlik oyun belə, küçədə saatlarla məqsədsiz dolaşmanı əvəz edə bilər. Üstəlik, oyun mütləq “ov”la — yəni bir ləzzətli yemlə bitməlidir ki, heyvanda “yırtıcı instinkti” tamamlanmış hiss olunsun.

Əlbəttə, istisnalar da var: qapını cırmaqlayıb çölə çıxmaq istəyən pişiklər. Çox vaxt bunlar sterilizasiya olunmamış heyvanlardır və cütləşmə instinkti ilə hərəkət edirlər. Bu halda çıxış yolu qapını açmaq yox, baytara müraciət edib əməliyyat etdirməkdir.

Əgər siz yenə də pişiyinizin “təmiz hava” almasını istəyirsinizsə, təhlükəsiz variantlar var. Məsələn, qoşqu (şleyka) ilə nəzarət altında gəzinti və ya balkonda xüsusi qorunan “catio” (pişik üçün volyer).

Sadə təhlükəsizlik qaydalarını da unutmaq olmaz: heç vaxt çölə çıxmayan pişik belə, quşlara baxarkən pəncərədən yıxıla bilər. Adi torlar kifayət etmir — möhkəm “anti-pişik” qoruyucu sistemlər lazımdır.

Zoopsixoloqlar bildirir ki, pişik vaxtında sterilizasiya olunarsa, keyfiyyətli oyuncaqlarla təmin edilərsə və ona kifayət qədər diqqət ayrılarsa, o, qapalı məkanda yaşamaqdan əziyyət çəkməz. Əksinə, özünü təhlükəsiz və rahat hiss edər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar