Zaqatalada qeysəriyyə əməliyyat ilə uşaq dünyaya gətirən ananın ölümü ilə bağlı cinayət işi başlanıb.
Zaqatala rayon Prokurorluğundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Çökək kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum ana ölümü martın 21-də günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum evində qeydə alınıb.
Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığını bildiriblər.
Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.
Lent.az dünyasını dəyişən R.Ramazanovanın ölümündən bir neçə saat əvvəl əri ilə aralarında olan telefon danışığının səs yazısını təqdim edir: