Bu gün Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədri Taleh Bağırovun şikayəti əsasında keçirilməli olan proses təxirə salınıb.
Lent.az-ın məlumatına görə, bu barədə T. Bağırovun vəkili Cavad Cavadov özünün facebook səhifəsində məlumat verib.
Vəkil bildirib ki, buna səbəb T.Bağırovun məhkəməyə gətirilməməsi olub.
Proses qeyri müəyyən günə qədər təxirə salınıb.
Xatırladaq ki, vəkil C.Cavadovun Taleh Bağırovla görüşünə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, T. Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T. Bağırov Bakı İstintaq Təcridxanasında saxlanılır.