Bu gün Nəsimi Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun məhkəməsi təxirə salınıb.
Lent.az-ın məlumatına görə, bu barədə T.Bağırovun vəkili Cavad Cavadov özünün feysbuk hesabında məlumat verib.
C.Cavadov bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses fevralın 19-da keçiriləcək.
Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq Təcridxanasında saxlanılır.