Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrinin dövriyyəsində təqsirləndirilən Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş üzrə ittiham aktları təqsirləndirilənlərə verilmədiyi üçün hazırlıq iclası fevralın 23-ə qədər təxirə salınıb.
Xatırladaq ki, Rüfət Zahidov “Azadlıq” qəzetinin hazırda Fransada yaşayan baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.