Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Elxan Səfərov və hal şahidi olan Emil Sadıqlı ifadə verib.
Polis əməkdaşı ifadəsində N.Ağabəyovun narkotik maddə istifadə etdiyi və üzərində gəzdirdiyi haqda əməliyyat məlumatı daxil olduğunu və bu əsasla onun saxlandığını bildirib. Şahid bildirib ki, onun üzərinə baxış keçirən zaman narkotik maddə aşkarlayıblar.
Məhkəmənin növbəti iclası fevralın 15-ə təyin edilib.
Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.