Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən şikayətə baxılıb.
Lent.az-ın məlumatına görə, şikayət təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə vəsatət təmin edilməyib.