Türkiyə Səbutər Babayevi həbs edərək  Azərbaycana təhvil verdi
20 may 2026 15:03 (UTC +04:00)

Türkiyə Səbutər Babayevi həbs edərək Azərbaycana təhvil verdi

0

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Lent.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin mayın 20-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2020-ci ildə mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satmaq məqsədilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən kənar daşınmasını həyata keçirməkdə (Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Babayev Səbutər Adil oğlunun yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Babayev Səbutər Adil oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasının Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 569

Oxşar yazılar