Bu gün Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyidir.
Lent.az “Bioqrafiya” rubrikasında şair haqqında məlumat verir.
- Sabir Rüstəmxanlı harada və nə zaman anadan olub?
Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlı rayonunun Hamarkənd kəndində dünyaya göz açıb.
- Sabir Rüstəmxanlı ali təhsilini hansı sahə üzrə və harada alıb?
Sabir Rüstəmxanlı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

- Sabir Rüstəmxanlı ilk əmək fəaliyyətinə haradan və neçənci ildə başlayıb?
Sabir Rüstəmxanlı əmək fəaliyyətinə hələ tələbə ikən, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının rəsmi orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində başlayıb.
- Sabir Rüstəmxanlının elmi dərəcəsi nədir və dissertasiya mövzusu nə ilə bağlı olub?
Sabir Rüstəmxanlı filologiya elmləri namizədidir. 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək bu dərəcəni qazanıb.
- Şairin ilk kitabı nə zaman işıq üzü görüb?
Sabir Rüstəmxanlının ilk kitabı 1970-ci ildə nəşr edilib.
- Sabir Rüstəmxanlının kitabları hansı xarici ölkələrdə çap olunub?
Onun əsərləri təkcə Azərbaycanda deyil, həmçinin Türkiyə, Rusiya və İsveç kimi ölkələrdə də nəşr edilib və bir çox dünya dillərinə tərcümə olunub.
- Sabir Rüstəmxanlının hansı məşhur poemaları var?
Sabir Rüstəmxanlı "Bütövlük", "Didərginlər", "Cavad xan" və "Orxonla görüş" kimi yüksək bədii dəyərə malik poemaların müəllifidir.
- Müəllifin qələmə aldığı əsas romanlar hansılardır?
"Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri" və "Sunami" romanları onun nəsr yaradıcılığının əsasını təşkil edir.
- Sabir Rüstəmxanlı nə vaxt "Xalq şairi" fəxri adına layiq görülüb?
Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısındakı böyük xidmətlərinə görə 2005-ci ildə ona "Xalq şairi" adı verilib.
- Azərbaycanın ilk müstəqil qəzetinin yaradılmasında onun rolu nə olub?
O, 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik mətbuat nümunəsi olan "Azərbaycan" qəzetini təsis edib və iki il onun baş redaktoru kimi fəaliyyət göstərib.
- Onun parlament fəaliyyəti nə zamandan başlayıb?
Siyasi fəaliyyətə aktiv başlayan Sabir Rüstəmxanlı 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilib.
- Müstəqilliyin ilk illərində Sabir Rüstəmxanlı hansı dövlət vəzifələrini icra edib?
Sabir Rüstəmxanlı 1991–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1993–1995-ci illərdə isə ölkənin mətbuat və informasiya naziri vəzifələrində çalışıb.
- Sabir Rüstəmxanlı hansı siyasi partiyanın rəhbəridir?
Sabir Rüstəmxanlı 1992-ci ildə bir qrup ziyalı ilə birlikdə Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) təsis edib və həmin vaxtdan partiyanın sədridir.
- Sabir Rüstəmxanlı prezident seçkilərində namizəd olubmu?
Bəli, 2003-cü ildə keçirilən prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülüb.

- Sabir Rüstəmxanlı ümumilikdə neçə çağırış deputat seçilib?
Sabir Rüstəmxanlı olduqca uzun bir parlament təcrübəsinə malikdir; Milli Məclisin I, II, III, IV və VI çağırışlarında (1995–2015 və 2020–2024-cü illərdə) deputat kimi fəaliyyət göstərib.
- Dünya azərbaycanlılarının təşkilatlanmasında onun hansı xidmətləri var?
Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurucularından və əsas hərəkətverici qüvvələrindəndir. Konqresdə İdarə Heyətinin sədri, Məclis sədri olub, 2008 və 2011-ci illərdə isə DAK-ın həmsədri seçilib.
- Sabir Rüstəmxanlının həyat yoldaşı kimdir?
Onun həyat yoldaşı tanınmış ictimai xadim, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır.

- Tənzilə Rüstəmxanlı onun haqqında nə deyib?
Tənzilə Rüstəmxanlı müsahibələrindən birində S.Rüstəmxanlı ilə münasibətlərindən söz açarkən ailə qurandan sonra şairə görə öz fəaliyyətini məhdudlaşdırdığını qeyd edib: “Sabir bəydən əvvəl mən ictimai fəaliyyətlə məşğul idim. Sabir bəylə ailə qurandan sonra fəaliyyətimi məhdudlaşdırdım. Çünki Sabir bəyi düşünürdüm. Onun ictimai-siyasi mövqeyinə, fəaliyyətinə zərər verə biləcək addımlara diqqət etmək lazım idi”.
- 2021-ci ildə qatıldığı hansı beynəlxalq konfrans İranla Azərbaycan arasında diplomatik gərginliyə səbəb olub?
Sabir Rüstəmxanlı onlayn keçirilən "Azad İran" konfransına qatılaraq Güney Azərbaycan türklərinin hüquqları və orada demokratik sistemin qurulması barədə çıxış edib. Bu tədbiri İran hakimiyyətinin düşməni olan "İran Xalq Mücahidləri" təşkilatı keçirdiyi üçün İran Xarici İşlər Nazirliyi Azərbaycana rəsmi etiraz notası göndərib.

- Sabir Rüstəmxanlının ölümünə kimlər və niyə fitva verib?
Şair bildirir ki, İrandan özünə qarşı daim təhdid hiss edir. Bir neçə il əvvəl Nardaranda İrana bağlı olan müəyyən dini dairələr onun İrana mənfi münasibətinə və İranın "Səhər" kanalına müsahibə verməkdən imtina etməsinə görə ölümünə açıq şəkildə fitva verib. S. Rüstəmxanlı isə onlara yazılı şəkildə kəskin cavab verərək niyyətinin düşmənçilik olmadığını bildirib.
- Kiçik qızı Aydanın imtahan zamanı atası ilə bağlı yaşadığı hansı maraqlı xatirə var?
Aydan xanım danışır ki, bir dəfə imtahanda bilmədiyi sual düşəndə gizlicə atasından mesajla kömək istəyib. Sabir bəy isə sualın cavabını yazmaq əvəzinə, qızına göndərdiyi mesajdakı vergül səhvlərini düzəldib geri yollayıb. O gündən sonra qızı imtahanda bir də ona yazmayıb.
- Onun övladları incəsənət və ya idman dünyası ilə necə bağlıdır?
Şairin dörd övladı var. Qızı Aydan Rüstəmxanlı tanınmış müğənni Elçin Cəfərov ilə evlidir. Oğlu Cəmil Rüstəmxanlı isə bir dövr "Azəryol" voleybol klubunun (VK) prezidenti vəzifəsində çalışıb.
- Sabir Rüstəmxanlı məşhur komediya personajı "Rəcəb İvedik"i və filmin yaradıcılarını niyə tənqid edib?
Sabir Rüstəmxanlı bu filmlərdə yalnız tərbiyəsizlik və kobudluq gördüyünü bildirib. Personajın kinoda məhz "Qarslı" (Doğu Anadolulu) kimi təqdim olunmasını Karsın şanlı tarixinə, mərd insanlarına və saz sənətinə həqarət hesab edib, filmin yaradıcılarına sərt reaksiya göstərib.