Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, müdafiə vəkili vəsatət verərək, təqsirləndirilən İbadov Babəkin anlaqlı durumda olub olmaması ilə bağlı yenidən ekspertiza keçirilməsini istəyib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunmadığını elan edib.
Müdafiə vəkilinin daha sonra qaldırdığı təkrar kriminalistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti proses 13 aprel saat 10:45-ə təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin 6 noyabr tarixində Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.
Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.