Abşeron rayon Polis İdarəsin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Daha bir oxşar tədbir Xətai rayon Polis İdarəsinin əməkdaşları keçirib.
Aktiv koronovirus xəstəsi olan Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər ev şəraitində müalicə təyin edib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.
Onun barəsində Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.