Şotlandiyada evlər niyə pəncərəsiz  tikilib? -  3 qəribə tarixi fakt
12 fevral 2026 11:12 (UTC +04:00)

Şotlandiyada evlər niyə pəncərəsiz tikilib? - 3 qəribə tarixi fakt

0

Şotlandiyanın qədim şəhərlərində gəzən turistlər tez-tez pəncərəsiz və ya sonradan hörülərək bağlanmış pəncərə yerləri olan evlərə rast gəlirlər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tarixçilərin sözlərinə görə, bu memarlıq xüsusiyyətinin arxasında XVIII əsrdə tətbiq edilən pəncərə vergisi dayanır.

Həmin dövrdə Şotlandiyada evlərdəki pəncərələrin sayına görə vergi tətbiq olunurdu. Evdə nə qədər çox pəncərə vardısa, sahibkar bir o qədər yüksək məbləğ ödəməli idi. Nəticədə bir çox insanlar xərcləri azaltmaq üçün mövcud pəncərələri hördürərək bağlayır, bəziləri isə yeni tikililəri ümumiyyətlə az pəncərə ilə inşa edirdi.

Bu isə qaranlıq və havasız otaqların yaranmasına səbəb olurdu. Lakin bir çox ailə üçün maliyyə yükünü azaltmaq rahatlıqdan daha vacib idi.

Tarixçilər qeyd edirlər ki, o dövrdə pəncərələr həm də var-dövlət simvolu sayılırdı. Çox pəncərəli ev sahibinin imkanlı olduğunu göstərirdi. Buna görə də bəzi kasıb ailələr şübhə və əlavə yığımlardan yayınmaq üçün evlərini az pəncərəli tikməyi üstün tuturdu.

Digər maraqlı məqam isə bəzi bölgələrdə mövcud olan inanclarla bağlı idi. Xalq arasında pəncərələrdən pis ruhların evə daxil ola biləcəyi düşüncəsi yayılmışdı. Bu səbəbdən bəzi evlərdə pəncərələr ya çox kiçik ölçüdə tikilir, ya da ümumiyyətlə nəzərdə tutulmurdu. Beləliklə, vergi siyasəti ilə xurafat inancları birləşərək qeyri-adi memarlıq üslubu formalaşdırmışdı.

Qeyd edək ki, pəncərə vergisi təkcə Şotlandiyada deyil, İngiltərə və Fransada da tətbiq olunmuşdu. Lakin məhz Şotlandiyada bu qərar şəhər memarlığında daha aydın iz buraxıb.

Vergi ləğv edildikdən sonra bəzi ev sahibləri pəncərələri bərpa etməyə çalışsalar da, hər kəs yenidənqurma xərclərini qarşılaya bilmədi. Buna görə də bu günə qədər bir çox qədim bina hörülmüş pəncərə yerləri ilə qalmaqdadır.

Bu evlər indi turistlərin diqqətini çəkən tarixi detal olmaqla yanaşı, qəribə qanunların bütöv şəhərlərin simasını necə dəyişə biləcəyinin canlı nümunəsidir. Memarlıq bəzən tarix dərsini sözsüz şəkildə danışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar