Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi prosesdə məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edilib.
Buna səbəb isə iş materiallarında olan bəzi sənədlərdə qaranlıq məqamların qalması ilə bağlı olub. Hakim təklif edib ki, bu halların araşdırılmasına ehtiyac var. Tərəflər məhkəmə istintaqının tamamlanmasına etiraz etməyiblər.
Hakimlər heyəti məhkəmə istintaqının təzələnməsi və həmin sənədlərin araşdırılması ilə bağlı qərar qəbul edilib.
Daha sonra işdə olan həmin sənədlər tədqiq edilib. Məlum olub ki, təqsirləndirilən şəxslərin həbsdən buraxılandan sonra müvafiq digər qətimkan tədbiri seçilib. Müvafiq qətimkan tədbiri seçilməsi ilə iltizama imza edilməsi sənədləri arasında tarix fərqlidir.
Müdafiə tərəfi bu faktın araşdırılmasını istəyib. Dövlət ittihamçısı bu halın texniki səhv olduğunu deyərək, bunun müəyyən edilməsi üçün istintaq təcridxanasına sorğu göndərilməsini tələb edib.
Müdafiə vəkillərindən biri müstəntiqin əlavə şahid qismində dindirilməsini istəyib. Hakimlər isə müvafiq sorğu göndərilməsini, həmçinin müstəntiqin dindirilməsi barədə qərar qəbul edilib.
Növbəti proses mayın 12-də davam edəcək.
Qeyd edək ki, dövlət ittihamçısı Rasim İldırımın, Zaur Mirzəzadənin və Qoşqar Məmmədovun ayrılıqda 12 il müddətinə həbs olunmasını, barələrindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə zalından həbs olunmasını məhkəmədən istəmişdi.
Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.
Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.