“Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ prezidenti Co Bayden mühüm qərarlar qəbul edərkən mütəmadi olaraq köhnə siyasi dostlarından məsləhət alır.
Lent.az xarici mediaya istinadla bildirir ki, eyni zamanda, qeyd edildiyi kimi, ABŞ lideri öz müşavirlərinin məsləhətlərinə tam qulaq asmır. “VP” yazır ki, Bayden heç kimə ABŞ siyasi elitasından olan köhnə dostları qədər güvənmir. Buna misal olaraq 2023-cü ilin sonunda ABŞ və Venesuelanın 30-a yaxın insanın qarşılıqlı azadlığa buraxılması barədə razılığa gəldiyi vəziyyəti göstərmək olar. Belə ki, müşavirlərinin tövsiyələrinə baxmayaraq, Amerika lideri son qərarı yalnız köhnə dostu, senator Kris Kunsun təsdiqindən sonra qəbul edib.
Eyni zamanda, bildirilir ki, Ağ Ev müşavirlərinin təcrübə çatışmazlığı yoxdur. Məqalədə deyilir: “Ancaq çətin bir qərarla qarşılaşdıqda, Bayden yaxından tanıdığı biri ilə danışana qədər son addımı atmaqdan çəkinir”.
Qeyd edildiyi kimi, Bayden qərar qəbul edərkən çox vaxt seçicilərin mümkün reaksiyasından narahat olur və buna görə də məsləhətçilərinin seçki kampaniyalarının aparılması təcrübəsi onun üçün həlledici əhəmiyyət kəsb edir.
“Vaşinqton Post”un qeyd etdiyi kimi, Baydenin vərdişi problemə çevrilə bilər, çünki onun məsləhətçiləri oxşar fikirlərə malikdir və ona təzə fikirlər təklif edə bilməzlər.
“VP” həmçinin Baydenin böhran vəziyyətlərində ona mane olan qərarsızlığını qeyd edir.