Bakıda dayanma-durma nişanını söküb qanunsuz parklanma yeri yaradan həbs olunub.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu Süleyman Rüstəm küçəsində qeydə alınıb.
42 yaşlı Babək rayon sakini Səməd Muxtarlı (ad və soyad şərtidir) dayanma-durma nişanını sökərək qanunsuz parklanma yeri yaradıb. Orada avtomobilini saxlayan şəxslərdən pul yığıb. Onun sözlərinə görə, əvvəllər adi “parkovşik” işləyib. Sonradan ərazidə “Azparkinq”in parklanma yerləri salınıb, lakin o, orada işləməyib.
Məlumata əsasən, Səməd avtomobilini ərazidə park etmək istəyən bir qadını da döyüb. Belə ki, o, əvvəlcə qadının qarnına təpik, sonra isə üzünə sillə vurub və sifətinə tüpürüb. Bu əməllərinə görə, Səməd Muxtarlı saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə S. Muxtarlı 20 gün müddətinə inzibati qaydada həbs olunub.