OnePlus şirkəti uzun illərdir smartfon bazarında yüksək avtonomluq göstəriciləri ilə seçilir. Lakin 2026-cı ildə təqdim olunan OnePlus 15 modeli bu sahədə yeni rekord müəyyənləşdirərək rəqiblərini geridə qoyub.
Lent.az xəbər verir ki, məşhur texnologiya nəşri Tom’s Guide 2026-cı ilin ən uzunömürlü smartfonlarının reytinqini açıqlayıb.
Siyahı nəşrin özünün hazırladığı Battery Life Test metodologiyası əsasında tərtib olunub. Test çərçivəsində cihazlar video izləmə, internetdə aktiv gəzinmə və müxtəlif tətbiqlərdən istifadə kimi real ssenarilər üzrə yoxlanılıb.
Reytinqə daxil edilən bütün modellər minimum 15 saat fasiləsiz aktiv istifadə göstəricisinə malikdir.
Siyahının zirvəsində OnePlus 15 qərarlaşıb. Smartfon test zamanı 25 saat 13 dəqiqə nəticə göstərərək bazarda ən yaxşı göstəriciyə imza atıb.
İkinci yerdə 21 saat 54 dəqiqə ilə OnePlus 15R, üçüncü pillədə isə 20 saat 34 dəqiqə nəticə göstərən Asus ROG Phone 9 Pro yer alıb.
Reytinqin davamı belədir:
OnePlus 13 – 19 saat 45 dəqiqə
Moto G (2026) – 19 saat 10 dəqiqə
Moto G Play (2026) – 18 saat 50 dəqiqə
OnePlus 13R – 18 saat 49 dəqiqə
Moto G 2025 – 18 saat 32 dəqiqə
Moto G Power 2026 – 18 saat 22 dəqiqə
iPhone 17 Pro Max – 17 saat 54 dəqiqə
iPhone 16 Pro Max – 17 saat 17 dəqiqə
Galaxy S25 Ultra – 17 saat 14 dəqiqə
Moto G Power (2025) – 17 saat 13 dəqiqə
Galaxy S25 Plus – 16 saat 55 dəqiqə
iPhone 16 Plus – 16 saat 29 dəqiqə
Test nəticələrinə əsasən, OnePlus 15 video izləmə rejimində təxminən 19 saata qədər işləyə bilir, bəzi ssenarilərdə isə ekran aktivliyi 26 saatı keçir. Bu göstərici ən yaxın rəqiblə müqayisədə təxminən 3,5 saat daha yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, bu nəticə əsasən 7300 mAs tutumlu, silisium-karbon anod texnologiyasına malik batareya sayəsində əldə olunub. Yeni texnologiya enerji sıxlığını artırmağa imkan verir və cihazın ölçülərini böyütmədən daha böyük batareyanın yerləşdirilməsini mümkün edir.
Maraqlıdır ki, 7400 mA s batareyaya sahib olan OnePlus 15R modeli daha böyük tutuma malik olsa da, daha az enerji səmərəli çip səbəbindən əsas modeldən geri qalıb.
Apple seqmentində isə ən yüksək nəticəni iPhone 17 Pro Max göstərib. Cihaz testlərdə 17 saat 54 dəqiqə işləmə müddəti ilə iPhone modelləri arasında rekord müəyyənləşdirsə də, ümumi reytinqdə Android liderlərindən geri qalır.