Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda sürücüyə qarşı soyğunçuluq etməkdə təqsirləndirilənlər - Dadaşzadə Sübhan, Qaçayev Xeyrulla və Abasov Səidin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.
Zərərçəkən Nazir Avadanov təqsirləndirilənləri əvvəl tanımadığını, onlarla yolda tanış olduğunu deyib:
"Mən Bakı -Kəlbəcər reysində işləyirəm. Həmin gün Kəlbəcərdən gəlirdim. Günorta idi, "Qədir-Xum"un yanından keçəndə, su almaq istədim. Sonra vaz keçdi ki, çatmağa az qalıb, yoluma davam edim. Üç nəfər əl eləyib maşını saxlatdılar ki, bizi də apar. Üçü də möhkəm içkili idilər, onsuz da o yolu gedirdim, dedim pul lazım deyil, keçin əyləşin. İki nəfər arxada, bir nəfər qabaqda oturdu. Nəvai postunu keçəndə sonradan adının Sübhan olduğunu öyrəndiyim şəxs maşını saxlamağımı istədi. Qaçayev maşında qaldı, ikisi getdilər mağazaya. 5-6 dəqiqəyə qayıdıb bu səfər hamısı arxada oturdular. Birinin əlində bıçaq gördüm, ağlıma pis heç nə gəlmədi, düşündüm ki, yəqin banka açan bıçaqdır. Ələtə çatanda dedilər ki, saxla düşürük. Səid maşından düşdü. Dedim ardınca hamısı düşər da. Elə bu zaman Xeyrulla sağ tərəfdən boğazıma bıçağı dirəyib dedi ki, kişi, bıçağı soxub səni öldürərəm, bizə nə hörmət edə bilərsən. Dedim ki, ay bala, halınız da hal deyil, özünüzə problem axtarmayın, düşüb gedin". Aşa-aşa maşından yerə düşdülər. Mən maşını tərpətdim, necə deyərlər canımı götürüb oradan uzaqlaşdım. Əlimi atdım ki, telefonu götürüm, onu yerində görmədim. Dəftərin arasında kreditimin pulu vardı, onu da görmədim. Pulu bu gənclərin götürdüyünü anladım, amma hansı nə vaxt, necə götürübsə, xəbərim də olmayıb. Hal-hazırda telefonum və pulum qaytarılıb. Onlardan şikayətim yoxdur. Bir işdir olub da, içkili olublar".
Növbəti proses 6 aprel saat 16:00-a təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin 29 oktyabr tarixində sürücü Nazir Avadanov polisə müraciət edərək 3 nəfər tanımadığı şəxsin “Mercedes-Benz Sprinter” markalı mikroavtobusda onu soyduğunu bildirib. O qeyd edib ki, həmin şəxslər nəqliyyat vasitəsində olarkən boğazına bıçaq dirəyiblər.
Onlar 150 manat pul və “Redmi” markalı telefonu götürərək oradan uzaqlaşıblar.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb. Sübhan Dadaşzadə, Səid Abbasov və Xeyrulla Qaçayev şübhəli şəxs qismində saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1(Quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.5 (Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.