41 yaşlı hücumçu Zlatan İbrahimoviç 2024-cü il Avropa çempionatının seçmə turnirində İsveç millisinin heyətində çıxış edəcək.
Lent.az bildirir ki, bu barədə komandanın rəsmi “YouTube” kanalında keçirilən mətbuat konfransında məlumat verilib.
“O, özünü yaxşı hiss edir. Zədəsi zamanı vaxtaşırı əlaqə saxlayırdıq. Onun şəxsiyyəti və liderlik keyfiyyətləri hətta meydandan kənarda da yaxşıdır”, - İsveç millisinin baş məşqçisi Yanne Andersson bildirib.
Bundan əvvəl hücumçu dizindən əməliyyat olunduğu üçün 9 ay oynaya bilməyib.
Fevralın 9-da İbrahimoviç 41 yaşında karyerasını davam etdirməyə nəyin səbəb olduğunu açıqlayıb. “Mən başqalarına diqqət yetirmək istəyirəm, mən özüm üçün deyil, onlar üçün buradayam. Hər şeyi özüm üçün etsəydim, artıq adada siqar çəkərdim” deyən isveçli təcrübəsini başqalarına ötürmək və komandanın qalib gəlməsinə kömək etmək istədiyini əlavə edib.
Hücumçu "Ayaks", "İnter", "Yuventus", "Barselona", "Mançester Yunayted" və PSJ-də oynaması ilə tanınır. Onun hesabına İsveç millisində 62 qol var. O, milli komandanın tarixində ən çox qol vuran futbolçudur.