Bakıda kütləvi dava zamanı özünə xəsarət yetirmək istəyən həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə gecə saat 3 radələrində Nizami rayonu 8-ci kilometr qəsəbəsində, eyni adlı ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
54 yaşlı Səttar Məmmədli (ad və soyad şərtidir) dava zamanı paltarını soyunaraq, özünə xəsarət yetirmək istəyib. Bu zaman polis əməkdaşları onu saxlayıb şöbəyə aparıblar və barəsində inzibati protokol tərtib olunub.
Səttar Məmmədlinin sözlərinə görə, oğlu ilə başqa şəxslər arasında dava olub. Bu zaman oğlunu sakitləşdirmək üçün həmin yerə gəlib.
Protokolda qeyd olunur ki, polis əməkdaşları bir qrup şəxsin toplaşaraq ucadan nalayiq ifadələr səsləndirdiyini görüblər. Davaya müdaxilə edib irad bildirərkən onlar tabe olmayıblar. Səttarın oğlu atasına “özünü doğra” deyə qışqırıb. Bununla guya polisin qanuni fəaliyyətinə mane olmaq və saxlanılmasının qarşısını almaq istəyib. Oğlunun sözünə əməl etmək fikrinə düşən S. Məmmədli paltarını soyunub və özünə xəsarət yetirmək istəyib. Lakin polis əməkdaşları çevik davranaraq onun bu əməlinin qarşısını alıblar. S. Məmmədli və oğlu saxlanılaraq polis şöbəsinə aparılıblar və onların barəsində inzibati protokollar tərtib olunub.
Nizami rayon Məhkəməsinin qərarı ilə ata-oğul barəsində 8 gün müddətinə inzibati həbs cəzası verilib.