Suqovuşanda mina partladı:  yaralanan kişinin  ayağı   kəsildi - YENİLƏNİB
01 aprel 2026 17:04 (UTC +04:00)

Suqovuşanda mina partladı: yaralanan kişinin ayağı kəsildi - YENİLƏNİB

0

Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə yaralanan 34 yaşlı Mahir Məhərrəmov aprelin 1-də saat 15:20-də Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Lent.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.

***

14:56

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərindən Lent.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprelin 1-də mina hadisəsi baş verib.

34 yaşlı Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - məlumatda vurğulanır.

***

14:41

Ağdərədə mina hadisəsi baş verib.

Lent.az-ın məlumata görə, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu yaralanıb.

O, Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 760

Oxşar yazılar