Şəkidə evdən qızıl-zinət əşyaları və bank kartları oğurlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bu barədə ötən ilin dekabrında Şəki rayon Polis Şöbəsinə rayon sakini olan qadın müraciət edib. Müraciətlə əlaqədar keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 27 yaşlı Asif Mustafayev saxlanılıb.
O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, həmin oğurluğu Şəkidə qadının evində kirayə qaldığı zaman etdiyini, daha sonra oğurladığı qızılları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığını bildirib.
Faktla bağlı araşdırma aparılır.