Bakıda 10 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin "Aynur" adlı şəxsin realizə edəcəyi barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF-Park" yaşayış kompleksində yerləşən istirahət parkında əməliyyat keçirib və Azərbaycan vətəndaşı Məmmədova Aynurə Əlibala qızı şərti alıcı qismində çıxış edən əməliyyat müvəkkilinə narkotik vasitələri satarkən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilən Məmmədova Aynurə Əlibala qızına məxsus sellofan torbaya və qara rəngli çantaya baxış keçirilib. Yoxlama zamanı sellofan torbadan 4 kiloqram 55 qram narkotik vasitə - tiryək, qara rəngli çantadan isə 4 kiloqram 958 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.