Heç düşünmüsünüzmü, Yer üzündə ən güclü külək hansıdır? Cavab sizi təəccübləndirə bilər. Bu, nə qasırğa, nə də tornadodur. Bu, səmada - sərnişin təyyarələrinin uçduğu yüksəklikdə baş verən bir hadisədir.
Onun sürəti o qədər yüksəkdir ki, təyyarələr arxadan əsən bu axına düşəndə bəzən mənzilə bir saat tez çatırlar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, küləyin mütləq dünya rekordu 1934-cü ilin aprelində ABŞ-ın Nyu-Hempşir ştatında qeydə alınıb. O zaman küləyin sürəti 123 metr/saniyəyə, yəni təxminən 443 km/saata çatıb. Müqayisə üçün: sərnişin Boeing təyyarələrinin kruiz sürəti təxminən 900 km/saatdır. Yəni külək reaktiv təyyarənin sürətinin yarısı qədər əsirdi.
Əvvəlki rekord isə Greenland ərazisinə məxsus idi - 1972-ci ildə orada külək 93,6 m/s sürətə çatmışdı.
Struy axınları: səmadakı külək çayları
Burada söhbət “struy axınları” (jet stream) adlanan güclü hava axınlarından gedir. Onlar Yer səthindən təxminən 10 km yüksəklikdə - yuxarı troposferdə yaranır.
Bu axınlar qərbdən şərqə doğru hərəkət edir və onların yaranma səbəbi temperatur fərqidir: qütblərdəki soyuq, sıx hava ilə tropiklərdəki isti, yüngül hava toqquşur.
2024-cü ilin fevralında Atlantik okeanı üzərində demək olar rekord səviyyəli küləklər qeydə alındı. ABŞ Milli Meteorologiya Xidməti bildirdi ki, Vaşinqton üzərində hava axınının sürəti 426 km/saat olub.
Müşahidələrin aparıldığı 1950-ci illərdən bəri bundan daha yüksək sürət yalnız bir dəfə 2002-ci il dekabrın 6-da qeydə alınıb və 429 km/saat təşkil edib.
Belə şərait təyyarələrin daha tez çatmasına imkan verir. Məsələn, Virgin Atlantic aviaşirkətinin Vaşinqton–London reysi 45 dəqiqə tez eniş edib.
China Airlines şirkətinin təyyarəsi isə 2024-cü ilin yanvarında 1320 km/saat sürətə çataraq Taybeydən Los-Ancelesə uçuşunu bir saat tez başa vurub.