Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Jurnalistin vəkili Elmar Süleymanov müdafiə etdiyi şəxs barəsində qaldırılmış cinayət işinə xitam verilməsi, haqqında çıxarılmış həbs qərarının ev dustaqlığına dəyişdirilməsi, şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanında əyləşməsinə icazə verilməsi və cinayət işində adları hallanan Davud Şahnazaryan və Laura Baqdasaryanın şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırıb. Hakim vəsatətlərin heç birini təmin etməyib və növbəti proseslərin qapalı keçirilməsi barədə qərar qəbul edib.
Məhkəmə noyabrın 18-ə təyin edilib.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.