Bu gün Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanov barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Daha sonra vəkil çıxış edərək apellyasiya şikayətini müdafiə edib.
Proses martın 14-ə davam edəcək.
Qeyd edək ki, hadisə keçən il "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.
Elçin Çobanov ilkin ifadəsində it gəzdirən şəxslərin onun həyat yoldaşına söz atdıqlarını bildirib. Hadisənin də bu səbədən baş verdiyini izah edib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsidə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib