Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin hazırda Fransada yaşayan baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dövlət hesabına olan vəkillərindən imtina ediblər.
Rövşən Zahidovun vəkili Tahir Xanəliyev vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdikləri şəxslərin ifadələrini təzyiq altında alıblar: "Cinayət işində kobud qanun pozuntuları olduğu üçün sübutların işdən çıxarılmasını tələb edirik. Eləcə də işi aparan Səbail rayon Polis İdarəsinin müstəntiqi İlqar Həmidovun məhkəməyə gətirələrək şahid qismində dindirilməsini istəyirik".
Hakimlər müşavirə gedərək vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası fevralın 26-a təyin edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.