Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və dələduzluqda təqsirləndirilən Araz Eyvazovun cinayət işi məhkəmə prosesi davam edib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilməli olan şəxslərin heç biri məhkəmə prosesi gəlməyib.
Hakim Azad Məcidov cinayət işində adı keçən və şahidlər siyahısında adı olan Vüsal Cəfərov barəsində cinayət işi qaldıracağını bildirib. O, həmçinin şahid Əsban Hüseynovla bağlı polisə məcburi gətirilmə haqqında verdiyi müraciətə də cavab ala bilmədiklərini qeyd edib: “ Qanunda var ki, məhkəmənin verdiyi qərarları bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bunu yerinə yetirməlidir. Əksə halda onlarda bununla bağlı cinayət məsuliyyəti dayışıyırlar”.
Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.
Qeyd edək ki, Araz Eyvazov külli miqdarda dələduzluqda təqsirləndirilir. Prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə, Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.
Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.