Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Onlar Qaraçuxur məscidini yandırmaqda təqsirli bilinirlər.
Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Elnur Ələkbərov son sözlə çıxış edib. O, çıxışında günahı olmadığını deyib: “Hadisə günü Manaf adlı dostumuzgildə oturmuşduq. Yeyib-içdik. Sonra Namiqlə birlikdə taksiyə mindik. Namiq yolda benzin aldı. Səbəbini bilmirdik. Məscidə çatdıq. O düşdü, bir müddət sonra qaça-qaça gəldi. Bildim, nə məsələdir. Günahım elə odur ki, bu işi bilib gizlətmişəm. Səhəri başımıza çuval keçirib MTN-ə gətirdilər, adımı terrorist qoydular, dedilər, 600 min ver, səni buraxaq. Axşam işgəncə verdilər, elektroşokla bədənimizə vurdular. Hamısı qara maskalılar idi. Onların cəzalanmasını istəyirik".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ittiham aktında üstündə silah tapıldığı ilə bağlı yazılanlar da doğru deyil: "O silahdan xəbərim yoxdur. Özüm 2006-cı ildə MTN-də çalışmışam. 2007-ci ildə isə rəsmi olaraq bu nazirliyin işçisi olmuşam. Terrorizmə həmişə nifrət etmişəm. Həmişə dövlətə sadiq olmuşam. Bir sıra əməliyyatlarda iştirak etmişəm. Həmin an bir şey fikirləşmişəm: xalqım sağ olsun. Amma bunlar məni terrorist kimi tutublar. Mənim heç bir günahım yoxdur”.
Digər təqsirləndirilən Namiq Nəsibov isə dərman qəbul etməli olduğunu deyib və son söz üçün vaxt istəyib. Məhkəmə prosesi fevralın 29-da davam edəcək.
Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Namiq Nəsibovun 17 il, Elnur Ələkbərovun isə 16 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəsibov Namiq və Ələkbərov Elnur saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov internetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.