Jurnalistin evini yaranlar hələ də tutulmayıb
26 may 2016 16:14 (UTC +04:00)

Jurnalistin evini yaranlar hələ də tutulmayıb

0

 

APA İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun kirayədə yaşadığı mənzili yaran şəxs və ya şəxsləri məsuliyyətə cəlb etmək hələlik mümkün olmayıb. Lent.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Nəsimi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəisi Orxan Axundzadə bildirib ki, jurnalistin kirayə yaşadığı A.Məhərrəmov küçəsi 24/11 ünvanında yerləşən mənzildən 8 min manat dəyərində qızıl və 540 manat pulun oğurlanması faktı ilə zəruri tədbirlər davam etdirilir.

 

Cinayət işinin istintaqını aparan Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elçin Mehdiyev isə bildirib ki, cinayətin üstünün açılması istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilir: “Faktiki olaraq cinayətin üstü açılmayıb. Amma işləyirik, əməliyyatçılar da bu işlə diqqətlə məşğul olur. Qonşuların əl-barmaq izlərinin götürülməsi istiqamətində də iş gedir”.

 

Müstəntiq əlavə edib ki, faktla bağlı təyin edilmiş ekspertizaların nəticələri hələlik ona təqdim edilməyib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı evdən götürülmüş əl-barmaq izləri ekspertizasının nəticələri artıq hazırdır. Həmçinin məlum hadisə ilə bağlı əməliyyat tədbirləri daha da genişləndirilib və bir qrup əməliyyatçı cinayətkarın müəyyən edilərək yaxalanması istiqamətində iş aparır.

 

Qeyd edək ki, oğurluq faktı mayın 17-də baş verib. İlkin məlumata görə, naməlum şəxs və ya şəxslər mənzilə açar seçmə yolu ilə daxil olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar