Daxili İşlər Nazirliyi Bakıda baş vermiş adam oğurluğu faktı ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20000 manat pul istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Həmin şəxs uşağın valideyni ilə əlaqə saxlayaraq ondan bu barədə polisə məlumat verməməsini tələb edib.
Keçirilən təxirəsalınmaz tədbirlərlə C.Qasımovun “VAZ-21154” markalı avtomobillə qaçırıldığı müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
*****
31 may
Bakıda daha bir uşaq oğurluğu baş verib.
Daxili İşlər nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini, 14 yaşlı Cəfər Qasımovu oğurlayıb.
O uşağın qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəyib və polisə məlumat verməməsini tələb edib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun “VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb.
Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib. C.Qasımov ailə üzvlərinə təhvil verilib.
Qeyd edək ki, faktla əlaqədar CM-nin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.