Amerikalı aktrisa Ancelina Coli "Chateau Miraval" şərab zavodu ilə bağlı davam edən məhkəmə çəkişməsində həmkarı və keçmiş həyat yoldaşı Bred Pittə qarşı mühüm hüquqi qələbə qazanıb.
Lent.az xəbər verir ki, bu barədə məlumatı "Page Six" nəşri yayıb.
Los-Anceles məhkəməsi 62 yaşlı aktyorun keçmiş həyat yoldaşını Fransadakı mülklə bağlı şəxsi yazışmalarını açıqlamağa məcbur edə bilməyəcəyinə dair qərar çıxarıb. Aktrisanın mövqeyini dəstəkləyən hakim bu materialların hüquqi məxfilik statusu ilə qorunduğunu təsdiq edib. Qərarda qeyd olunub ki, Pitt bu statusu mübahisələndirmək üçün kifayət qədər sübut təqdim edə bilməyib.
Colinin vəkili Pol Mörfinin sözlərinə görə, əvvəlcə 126 sənəd tələb edən aktyor sonradan siyahını 22-yə qədər azaltsa da, nəticədə heç bir sənədi əldə edə bilməyib.
Xatırladaq ki, Bred Pitt 2022-ci ildə iddia qaldıraraq Colinin 2021-ci ildə şərab zavodundakı payını onun razılığı olmadan "Tenute del Mondo" şirkətinə satdığını bildirmişdi. Coli isə bu iddiaları rədd edərək qarşılıqlı iddia qaldırmış və keçmiş həyat yoldaşını ona qarşı "qisas müharibəsi" aparmaqda ittiham etmişdi.
Cütlüyün boşanma prosesi səkkiz ildən artıq davam edən məhkəmə çəkişmələrindən sonra 2024-cü ilin dekabrında rəsmiləşib. Keçmiş ulduz cütlüyün altı övladı var.