Dağlarda yaşayanların qan şəkərinin  yüksək olma ehtimalı daha azdır: yeni kəşf
03 mart 2026 14:50 (UTC +04:00)

Dağlarda yaşayanların qan şəkərinin yüksək olma ehtimalı daha azdır: yeni kəşf

0

Yeni araşdırma göstərib ki, hündürlüklərdə yaşamaq qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri barədə Science Focus nəşri məlumat yayıb.

Alimlər artıq uzun müddətdir müşahidə ediblər ki, oksigen səviyyəsinin aşağı olduğu yüksək dağlıq bölgələrdə yaşayan insanlar arasında diabetə yoluxma halları daha azdır. ABŞ-da dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yaşayan şəxslərdə diabet riski 500 metrdən aşağı ərazilərdə yaşayanlarla müqayisədə 12 faiz daha azdır.

Bu əlaqənin dəqiq səbəbi uzun müddət naməlum qalsa da, Cell Metabolism jurnalında dərc olunan yeni araşdırma məsələyə aydınlıq gətirib. Məlum olub ki, əsas rol eritrositlərə məxsusdur. Aşağı oksigen şəraitində orqanizmdə bu hüceyrələrin sayı artır.

Tədqiqatçılar hipotezlərini siçanlar üzərində sınaqdan keçiriblər. Onlar heyvanları oksigen səviyyəsi azaldılmış mühitə yerləşdirərək qanda oksigen doyumluluğunu aşağı salıblar. Bu vəziyyət hipoksiya adlanır. Daha sonra alimlər qlükozanın qandan hara “itdiyini” izləyiblər və müəyyən ediblər ki, oksigen çatışmazlığı şəraitində eritrositlər qlükozanı aktiv şəkildə mənimsəyir. Sonradan bu hüceyrələr qlükozanı toxumalara oksigenin ötürülməsini asanlaşdıran molekula çevirir.

Tədqiqatın rəhbəri, Qladston İnstitutunun alimi doktor Yolanda Marti-Mateos bildirib ki, bu mexanizm eritrositlərin daşıdığı az miqdarda oksigenin belə daha səmərəli şəkildə toxumalara çatdırılmasına imkan verir və orqanizmin hipoksiya şəraitində sağ qalmasına kömək edir.

Onun sözlərinə görə, hipoksiya şəraitində formalaşan eritrositlər adi qan hüceyrələrindən fərqlənir və daha çox qlükoza daşıyıcılarına malik olur.

Alimlər hesab edirlər ki, bu nəticələr diabetin müalicəsi üçün yeni yanaşmaların hazırlanması baxımından “konsepsiyanın sübutu” rolunu oynaya bilər.

Tədqiqatın həmmüəllifi, Qladston İnstitutundan doktor İşa Cayn qeyd edib ki, onların laboratoriyasında hazırlanmış HypoxyStat adlı kiçik molekul aşağı oksigen səviyyəsinin təsirini, nəfəs alınan havada oksigeni azaltmadan imitasiya edir.

Preparat siçanlara tətbiq edildikdən sonra onların yüksək qan şəkəri tam normallaşıb və mövcud dərmanlarla müqayisədə daha effektiv nəticə göstərib.

Alimlər vurğulayırlar ki, preparatın insanlar üzərində tətbiqinə qədər hələ çox iş görülməlidir. Lakin əldə olunan bioloji mexanizmlər ümidverici hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar