Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Mübariz Tahirov və Telman Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında hər iki təqsirləndirilən şəxsin cinayətlərinin sübuta yetirildiyini bildirib. Prokuror məhkəmədən hər iki şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Mübariz Tahirovun və Telman Bəkirovun vəkilləri müdafiə etdikləri şəxslərin cinayətlərinin sübuta yetirilmədiyini və onlar barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Təqsirləndirilən şəxslər son söz deyiblər. Telman Bəkirov son sözündə heç bir günahının olmadığını bildirib: "Burda insan taleyi həll olunur. Mən Suriyaya getməyə-getməyə boynuma qoyursuz".
Mübariz Tahirov da son sözündə Suriya sərhədinə keçmədiyini bildirib: "Mən sərhəddən geri qayıtmışam. Ayağım Suriya torpağının bir qarışına da dəyməyib".
Hakimlər kollegiyası hökm oxuyub. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxsin 14 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.